Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında mövzumuz çimərliyə gedənlərə tətbiq olunan cərimə ilə bağlıdır.
Məlum olduğu kimi, ölkədə iyunun 21-dən iyulun 5-dək olan karantin müddətində insanların çimərliyə getməsi də qadağan edilib. Bu qadağanı pozanlar üçün nə qədər cərimə nəzərdə tutulur?
Rubrikamızın sualına Daxili İşlər Nazirliyinin mətbuat xidməti aydınlıq gətirib. Qurumdan Lent.az-a bildirilib ki, həmin şəxslər karantin qaydalarını pozduqları üçün müvafiq qaydada cərimələnəcəklər:
“Operativ Qərargahın verdiyi qərara əsasən, ölkədə SMS vasitəsilə icazə alıb yaşayış yerinin tərk edilməsi mexanizmi bərpa edilib. İstər çimərliyə gedənlər, istərsə də digər qaydalara əməl etməyənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, müvafiq məbləğdə cərimə ediləcəklər”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100-200, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 2000-5000 manat cərimə nəzərdə tutulur. Bundan əlavə, işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.