Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu karantin dövründə əyləncə və şou məkanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır.
Belə ki, ötən həftəsonu Bakıdan insanların kütləvi şəkildə şimal bölgəsinə üz tutması ilə əlaqədar bəzi istirahət mərkəzlərində əyləncə məclisləri təşkil olundu. Daxili İşlər Nazirliyi isə yaydığı məlumatda həmin məkanlardan birinin müəyyən olunaraq bağlandığı, digərlərinin isə müəyyən olunması istiqamətində işlər görüldüyü bildirilib. Bəs görək, kafe və restoranların fəaliyyətinə icazə verildiyi təqdirdə gecə klubları, şou zalları və ya digər əyləncə məkanlarının fəaliyyətinə icazə verilirmi?
Rubrikamızın bu sualına DİN mətbuat xidməti aydınlıq gətirib:
“Şou zalları, diskoteka və digər əyləncə məkanlarının adi kafe-restoran kimi fəaliyyətinə icazə verilir. Onlar da, səhər saat 8:00-dan axşam saat 22:00-dək işləyə bilərlər. Həmin məkanlarda insanlara yalnız yemək verilməsinə icazə verilir. Başqa digər əyləncə məclisləri, zalda oynamaq və s. qadağandır”.