Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünkü mövzusu taksidə sərnişinlərin ön oturacaqda oturması ilə bağlıdır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova öz “Facebook” hesabında bununla bağlı paylaşım edib. O, paylaşımda sərnişinlərin taksilərin ön oturacağında əyləşməsinin qadağan olunduğunu və bu barədə sürücülərə də tapşırıq verildiyini qeyd edib. Rubrikamızın da “Sözügedən qaydaya nəzarət varmı və buna riayət etməyən sərnişinlərə cərimə yazılırmı” sualına Nuridə Allahyarova aydınlıq gətirib:
“Bunun üçün hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, qaydadır. Sürücünün sərnişinlərə "ön oturacaqda oturmağa icazə vermirəm" deməyə ixtiyarı var. Ancaq şəhərlərarası fəaliyyət göstərən taksi sürücülərinə DANX-dan tələb qoyulub və nəzarəti sürücülər özləri tənzimləyir. Bu, sadəcə, ümumi sosial izolyasiya tədbirləri çərçivəsində şifahi qaydadır.
Lakin istisna hallarda qabaq oturacaq əyləşməyə icazə verilir. Bu da avtomobildə bir ailənin 3 üzvü olduğu təqdirdə mümkündür. Təəssüf ki, sürücülər bizə müraciətlərində sərnişinlərin əksəriyyətinin tələbə riayət etmədiklərini bildirirlər. Qeyd etmək istəyirik ki, həmin qaydaları sürücülər tərtib etmir və bu tələb də karantin rejiminin qaydalarıdır”.