Yanğın hadisələri Zaqatala rayonunun Əliabad qəsəbəsi və Mosul kəndində baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Yeni ilin ilk gecəsi saat 03 radələrində rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Şaban Məhəmməd oğlu Əhmədova məxsus ümumi sahəsi 100 kv/m olan fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.
Gecə saatlarında daha üç yanğın hadisəsi isə rayonun Mosul kəndində kənd sakinləri- İsmayıl Ramazan oğlu Süleymanov, Ramiz Hizbulla oğlu Məmmədov və Qədim Əli oğlu Məmmədovun yaşadıqları evlərin həyətyanı sahəsində tikilmiş mal tövlələrində baş verib. Hər üç yanğında mal tövlələri içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Baş vermiş yanğınlarda xəsarət alan olmayıb.
Qeyd edək ki, dekabrın son günü saat 23 radələrində rayonun Mosul kəndində, kənd sakini Tərlan Gülməmmədov özünə məxsus fərdi yaşayış evini qəsdən yandırıb.
İlkin məlumata görə, gecə ərazində baş verən beş yanğın qəsdən törədilib. Yanğın hadisələrinin bir-biri ilə əlaqəli olub-olmadığını müvafiq qurumlar araşdırır.