Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini Sahil Tapdıqov tanışı, Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə və Bakı şəhər sakini Nicat Eminovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gəiriliblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının son bir neçə gün ərzində keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər saxlanılıb və hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Mirxanlar Qasımzadə saxlanılıb. Onun yaşadığı evin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı oradan “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid daraq və 12 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.