Bakıda dönərdən zəhərlənmə faktına görə cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin Lent.az-a verdiyi məlumata görə, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Bakıda 8 nəfər dönərdən zəhərlənərək Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Sonradan vəziyyətləri normallaşan həmin şəxslər xəstəxanadan evə buraxılıblar.
***
Saat 10:56
Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Zəhərlənənlərin adları:
1. Bayramov Cavid,
2. Xəlilov Murad,
3. Fəttahova Tünzalə,
4. Əliyev Həmid,
5. Soltanov Səid,
6. Mirzəyev Rafiq,
7. Ömərov Qüdrət,
8. Soltanov Maqsud.
Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsinə davam etdirilir.
***
Saat: 10:43
Bakıda dönərdən zəhərlənmə ilə bağlı araşdırmalar başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb. Hazırda Nəsimi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.
***
Saat: 10:07
Bakıda kütləvi zəhərlənmə olub.
Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, hadisə "28 May" metrostansiyası yaxınlığındakı dönərxanalardan birində qeydə alınıb.
Dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri qadın, biri isə yeniyetmədir.
Faktla bağlı araşdırma aparılır.