Bakıda yeni doğulan körpə komaya düşdü
02 sentyabr 2025 19:54 (UTC +04:00)

Bakıda yeni doğulan körpə komaya düşdü

0

Bakıda yeni doğulmuş uşaq komaya düşüb.

Bu barədə uşağın anası Gülənay Ağayeva (Məmmədova) Lent.az-a bildirib.

Onun sözlərinə görə, “Məlhəm Beynəlxalq Hospitalı”nda keçirilən doğuşda həkimlərin səhlənkar yanaşması nəticəsində dünyaya gətirdiyi körpəsi ağır vəziyyətə düşüb və hazırda süni tənəffüs aparatına qoşulub.

Zərərçəkmiş ana bildirib ki, hamiləliyin 22-ci həftəsində həkim uşaqda risk ola biləcəyini deyib, lakin sonrakı müayinələrdə deyilənlərin həqiqətə uyğun olmadığı ortaya çıxıb:

"Daha sonra, sentyabrın 3-də aparılan ultrasəs müayinəsində dölün göbək ciyəsinin iki dəfə boynuna dolandığı aşkarlanıb. Həkimlər ailəmizə xəbərdarlıq etsələr də, bu vəziyyət təkrar yoxlanmadı və doğuş icra olundu. Doğuşu mama-ginekoloq Pərvin Xəlilova həyata keçirib. Doğuşdan sonra körpənin vəziyyəti ağır olsa da, dərhal pediatr çağırılmadı. İlk tibbi yardım düzgün göstərilmədiyi üçün vəziyyət daha da pisləşdi. Körpə yalnız üç gün sonra kompüter tomoqrafiyasına aparıldı və müayinələr onun beynində ciddi zədələnmələrin olduğunu üzə çıxardı. Hazırda körpənin yaşaması ilə bağlı ümidlər çox azdır".

Şikayətçi həmçinin bildirir ki, doğuşdan sonra həkim məsuliyyəti öz üzərindən atmağa çalışıb və məsələ ilə bağlı müxtəlif bəhanələr gətirib.

Qeyd edək ki, zərərçəkən məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edib.

Hadisə barədə "Məlhəm" Hospitala müraciət etdik. Tibb müəssisəsindən bildirildi ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb və nəticəsi barədə məlumat veriləcək.

“Gülənay xanım bizim tibb bacımızdır. Xanımın övladı göbək ciyəsinin iki dəfə dolanması ilə dünyaya gəlib. Təbii doğuşa ana öz istəyi ilə gedib”. 

Bunu Lent.az-a açıqlamasında  "Məlhəm" hospitalının baş icraçı direktoru Sevda Əlizadə deyib.

O qeyd edib ki, doğuş vaxtı ananın gücü tükənib və güc verməkdən imtina edib. Həmin anda həkim uşağı xilas edib.

Uşaq asfiksiya (kəskin tənəffüs çatmamazlığı) ilə doğulub və küvəzə qoyulub; intubasiya olunub, süni tənəffüs aparatına qoşulub. 

Həm Gülənay xanımla, həm onun həyat yoldaşı ilə, həm də xanımın qardaşı Ulucay bəylə dəfələrlə danışmışam. Bildirmişəm ki, əgər bizdən şübhəniz varsa, haqqınız var - hüquq-mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə müraciət edin. Xəstəxana olaraq qanun qarşısında səhvimiz varsa, cavab verəcəyik. Amma hədə-qorxu, mətbuat və sosial şəbəkələr vasitəsilə təzyiq olmamalıdır. Əgər həmin orqanlar bizi günahkar sayarsa, ondan sonra siz sosial şəbəkədə paylaşa bilərsiniz.

Gülənay xanım və ailəsi tələb edirdi ki, uşağı süni tənəffüs aparatından ayırıb ona verək. Mən bildirdim ki, mənim (xəstəxananın-red.) belə bir ixtiyarım yoxdur.

Nazirlər Kabinetinin beyin ölümünü təsdiq edən protokolu var. Bu protokola əsasən beyin ölümü müəyyən testlərlə təsdiqlənməlidir. Hazırda uşaqda beyin ölümü diaqnozu yoxdur, ona görə də biz uşağı aparatdan ayırıb valideynə verə bilmərik. Bu uşaq nə “Məlhəm”in mülkiyyəti, nə də valideynin şəxsi mülkiyyətidir - o, Azərbaycan vətəndaşıdır və dövlətin tənzimləmələri var. Biz buna görə dövlət qarşısında məsuliyyət daşıyırıq.

Ulucay bəy mənə dedi ki, bəlkə xəstəxananın marağı var, ona görə uşağı saxlayır?. Mən cavab verdim ki, əgər həkimimizin səhvi varsa, biz bunun məsuliyyətini daşımağa hazırıq, əks halda niyə uşaq orada saxlanmalıdır? Uşaq üçün bu günə qədər ailə tərəfindən heç bir ödəniş edilməyib. Bugünkü gün onun xestexana xərci 6155 manatdır. Ailə bu məbləgi ödəmir və uşagı dövlət xəstəxanasına köçürülməsinə icazə vermir (qanuna esasen ailənin razılığı olmadan köçürmə edə bilmərik) .

Xəstəxana humanist addım olaraq bütün işçilərlə münasibətlərini qoruyur. Biz hər bir xidmət üçün maddi ödəniş alırıq və yalnız sərfiyyatı ödədikləri məbləği tələb etmişik. Məsələn, qeysəriyyə xidmətimizin qiyməti 1 400 manatdır, Gülənay xanımdan isə yalnız dərman və sərfiyyatlar üçün təxminən 500 manat alınıb. Uşaq üçün bu günə qədər ailə tərəfindən heç bir ödəniş edilməyib. 

Hazırda uşaq reanimasiyada deyil, suni tənəffüs aparata bağlı deyil, özü nəfəs alır. Uşaq burnundan zond vasitəsilə qidalanır. Uşaqda beyin zədələnməsi oldugu uçun qüsurlu olacaqdır, amma bu bizə və ailəsinə əsas vermir ki, onun yaşama şansının əlindən alaq. Əgər hər şey bu kimi davam edərsə, böyük ehtimal iki-üç gün sonra uşağı anasına təhvil verə bilərik.

Biz doguşdan sonra Səhiyyə Nazirliyinə müraciət edib ekspert komissiyasının gəlməsini və eyni zamanda uşagın dövlət xəstəxanasına köcürülməkdə bizə köməklik göstərmələrini istəmişdik. Əgər günahımız, səhvimiz var idisə bunu niyə edirdik? Bizim məqsədimiz uşağı saxlamaq və ya gizlətmək deyil. Uşağın hazırkı vəziyyəti belədir: aparata bağlı deyil, özü nəfəs alır, əl-qolunu hərəkət etdirir, burnundan zondla qidalanır, vəziyyəti ağır deyil, amma gələcək proqnozu mütəxəssislərin qərarına bağlıdır”, - S. Əlizadə bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12

Oxşar yazılar