Fövqəladə Hallar Nazirliyi Bakıda binada baş verən partlayışla bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dağıntı altından bir nəfərin cəsədi çıxarılıb, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Saat 02:44
Bakıda binada baş verən partlayışda ölən şəxsin adı məlum olub.
Lent.az xəbər verir ki, həmin şəxs 1999-cu il təvəllüdlü Rüstəmov Orxan Astan oğludur.
O yenicə ailə həyatı qurubmuş.
Hadisə vaxtı o birinci mərtəbədə olub, beton pilitələr üzərinə aşıb.
***
Saat 01:30
Bakıda binada baş verən partlayışda xəsarət alanların adı məlum olub.
Lent.az xəbər verir ki, hadisə nəticəsində Nuruyeva Gülnarə və onun 13 yaşlı oğlu - Ağayev Kamil xəsarət alıb.
Onların müalicəsi Sabunçu Tibb Mərkəzində aparılır.
***
Saat 01:21
Bakının Sabunçu rayonunda binada partlayış olub.
Lent.az xəbər verir ki, hadisə Anaşkin küçəsində qeydə alınıb.
Partlayış zamanı 2 nəfər ağır xəsarət alaraq xəstaxanaya yerləşdirilib.
Bir nəfərin isə hadisə yerində öldüyü bildirilir.
Əlavə məlumat veriləcək.
Nurlan Əli