Bakı Apellyasiya Məhkəməsində insident olub.
Lent.az xəbər verir ki, hadisə binanın birinci mərtəbəsində baş verib. Məhkəmə zalına gətirilən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə 15 il həbs cəzası alan Əli Abbasov qətlə yetirdiyi Bəxtiyar Nəsibovun anası Nəzakət Bayramovanın qarnına təpiklə vurub. Həmçinin Ə. Abbasovun dostları da N. Bayramovanı itələyərək söyüblər.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri ona ilkin yardım göstəriblər və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2021-ci il martın 1-də paytaxtın Xətai rayonu ərazisində şəhər sakini Əli Abbasov N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla aralarında yaranmış mübahisə zamanı sonuncu ona bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürüb.