Bakıda avtomobil almaq istəyən şəxs dələduzluqla üzləşib.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Özünü Fariz kimi təqdim edən paytaxt sakini “Hyundai Elantra” markalı avtomobilini satmaq üçün sayta elan yerləşdirib. Avtomobil almaq istəyən Vüsal Quliyev də sosial şəbəkədə onunla əlaqə saxlayıb və Nərimanov ərazisində maşına baxıb.
Ertəsi gün isə Bakıxanovda mağazaların birinin qarşısında Farizə 3500 manat pul verib. Pulu alan Fariz evə gedib-qayıdacağını, Vüsalla birgə DYP-yə gedəcəyini, hətta ona istədiyi nömrəni də alacağını bildirib. Ancaq Vüsal nə qədər gözləsə də Fariz gəlməyib və zəngə belə cavab verməyib.
Aldadıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına üz tutub. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən özünü Fariz kimi tanıdan Şəfiyev Anar Cangir oğlu saxlanılıb.
Zərərçəkmişə dəyən zərər tam ödətdirilib.