Lalə Məmmədova adlı qadın həyat yoldaşının onu şantaj edərək, kimyəvi turşu vasitəsilə üzünü yandıracağı ilə hədələdiyini bildirir.
Lent.az xəbər verir ki, Lalə Məmmədova əlində həyat yoldaşının onu təhdid etməsi ilə bağlı görüntülər olduğunu deyib. Görüntülərdə L.Məmmədovanın həyat yoldaşı Şəhriyar Məmmədov 11 yaşlı qızı ilə danışığında qadının üzünü "kislota" ilə yandıracağını bildirib: “Ananı kor edəcəm. Ondan sonra tutuluram, ölərəm, fərqi yoxdur. Kislota bilirsən nədir? Bütün üzü yandırır”.
L. Məmmədova deyib ki, həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Yanvarın 24-də Sabunçu Rayon Məhkəməsində ilkin iclas keçirilib, fevralın 22-si növbəti məhkəmə keçiriləcək.
L. Məmmədova bildirib ki, hazırda iki azyaşlı övladı ilə valideynlərinin yanında qalır: "Fevralın 1-i Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmişəm. Bu gün isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə mühafizə orderinin verilməsi üçün ərizə vermişəm”.
L. Məmmədovanın həyat yoldaşı Şəhriyar Məmmədov məsələ ilə bağlı açıqlama vermək istəməyib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib ki, ərizə bu gün verildiyi üçün cavabı 2 günə hazır olacaq: “Mühafizə orderini biz vermədiyimiz üçün məsələni rayon İcra Hakimiyyətinə yönəldəcəyik”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib.