Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri - Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.
Lent.az-ın məlumatına görə, bunu universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib. O qeyd edib ki, vəfat edən tələbə Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub:
"Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi. Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
AzTU-nun rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində 5 nəfər dəm qazından boğulub.
Baş Prokurorluğun məlumatına görə, araşdırmalarla müəyyən olunub ki, 17 yaşlı Atilla Əliyevin, 18 yaşlı Lətif Əliyevin, 21 yaşlı İnkişaf Allahverdiyevin, 49 yaşlı Natiq Səfərovun və 23 yaşlı Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.