Bakıda 5 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olan sürücü ilə bağlı bəzi faktlar üzə çıxıb.
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Lent.az-a bildirib ki, həmin sürücü qanunsuz daşıma ilə məşğul olub.
O həmçinin qeyd edib ki, sürücü hadisəni törədərkən yuxulu olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə Lent.az-a bildirib ki, hadisəyə səbəb olan sürücünün 19 yaşlı var: "“99 DH 343” dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, Qobustan sakini, 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu qəza ilə əlaqədar tutulub. Faktla bağlı araşdırmalar davam edir".
Qeyd edək ki, bu gün səhər saat 8 radələrində paytaxtın Suraxanı rayonu ərazisində ot daşıyan "Mercedes" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək 171 saylı sərnişin avtobusuna çırpılaraq, aşıb. Nəticədə 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.