Bakıda saxta COVID-19 pasportu verənlər ifşa edilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a verilən birgə məlumata görə, daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta “COVID-19” pasportu satmaları müəyyən olunub.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının avqustun 30-da keçirdiyi tədbirlərlə saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar.
İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfərə belə saxta sənəd satdıqlarını etiraf ediblər. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş “COVID-19” pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları əməliyyat-istintaq tədbirlərini davam etdirir.