Bakıda ölümlə nəticələnən ağır qəza olub.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında baş verib.
Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili 34 yaşlı Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər - 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı və 63 yaşlı Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlıumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub, 3 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.