"Noyabrın 27-də “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 saylı müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur".
Bu sözləri Lent.az-a Bakı Nəqliyyat Agetliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini BNA qəti şəkildə pisləyir:
"Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntqələrində olmalıdır.
Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır".