Yanvarın 11-də bir nəfər Bakı sakini Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus Dərnəgül qəsəbəsində yerləşən anbardan naməlum şəxslər tərəfindən 14 min manat dəyərində metal-mis ləvazimatlar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini İlham Quliyev və tanışı Nasif Qurbanov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, İlham Quliyev hadisə baş verən obyetdə anbardar işləyir. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Nasif Qurbanovu yanvarın 9-da anbara çağrııb. Həmin şəxslər birlikdə oğurladıqları əşyaları Nasif Qurbanovun avtomobili ilə Sabunçu rayonuna apararaq orada metal qəbulu məntəqələrindən birinə satıblar. Əlavə araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər eyni obyektdən əvvəllər də müxtəlif vaxtlarda 3 dəfə oğurluq ediblər. Onların oğurluq etdikləri obyektə gəlib-getmələri inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. İlham Quliyev və Nasif Qurbanovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.