Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər.
Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, ötən gün gecə saatlarında keçirilən əməliyyat nəticəsində Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 Pakistan vətəndaşı saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.