Bu gün saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədə yeni doğulmuş qız uşağı tapılıb.
Qarabağlı kənd icra nümayəndəliyindən Lent.az-a bildirilib ki, yenidoğulmuş körpəni səhər saatlarında işə gedən kənd sakini aşkar edib və dərhal polisə məlumat verib. Körpə xəstəxanaya yerləşdirilib, valideynlərinin kimliyi araşdırılır.
Körpənin qonşu kənddən gətirilib Qarabağlı kənd yoluna atıldığı ehtimal olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumatda fakt təsdiq olunub.
Məlumatda bildirilir ki, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon TTYS-nin tibb personalına təhvil verilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb.