Şabran rayon sakini Dilrubə Pirməmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.
Təhqiqat araşdırması zamanı pandemiya qaydalarını pozub bu xəstəliyin yayılmasına real şərait yaradan həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
***
Neftçala rayonunda aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Neftçala şəhər sakini Vüqar Cəfərova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. V.Cəfərov rayonun bazarı ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Aktiv COVID-19 xəstəsi olan rayonun Qədimkənd kənd sakini Novruz Hüseynov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs çalışdığı yanacaq doldurma məntəqəsində aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.
Hər iki şəxs barəsində Neftçala rayon Polis Şöbəsində araşdırmalar aparılır.