Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisinin qaçırdığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları bütün mümkün ehtimallar nəzərdən keçirib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax rayon Polis Şöbəsinə gətiriliblər.
Azyaşlının əmisinin seksual hərəkətlərinə məruz qaldığı ehtimal olunur.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, Yevlaxda 13 yaşlı qızın itkin düşməsi barədə ilk məlumatı APA yayıb.