Azərbaycana külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, dekabrın 4-ü saat 21:40-da Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nın keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22 radələrində Astara rayonu, Pensər kəndi ərazisində "07-BF-653" dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Avtomobili idarə edən şəxsin Astara rayonu, Pensər kənd sakini 44 yaşlı Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kiloqram 70 qram heroin, 11 kiloqram 620 qram həşiş, 4 kiloqram 525 qram marixuana, 4 kiloqram 40 qram tiryək, 2 kiloqram 820 qram metamfetamin və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.