İnsanların yeni azad olunmuş ərazilərə qanunsuz səfərinin qarşısının vaxtında alınması məqsədilə fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.