Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
18:47
Bərdədə qətl törədilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü Çapay Sadıqlını dəryazla vuraraq qətlə yetirib.
Bildirilib ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.
Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".