Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı bəzi vətəndaşların karantin rejiminin tələblərinə etinasız yanaşdığı aşkar edilib. Xüsusilə də sakinlərin daha çox getdikləri böyük super marketlərin və geyim mağazalarının girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi,tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə intizam tənbeh tədbirləri tətbiq edilib.
Həmçinin, ictimai nəqliyyatda – taksi və avtobuslarda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də müəyyən edilib,onlarla maarifləndirici söhbətlər aparılıb. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki,hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud tələbləri anlayışla qarşılamalıdır. Bütün bu tədbirlərin onların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.