Bakıda arvadının boğazını kəsərək öldürməkdə təqsirləndirilən Əsgər Musayevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində baş verib.
1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.