Arvadını şöbədə güllələyən   polisə əlavə ittiham verilə bilər
25 yanvar 2022 18:22 (UTC +04:00)

Arvadını şöbədə güllələyən polisə əlavə ittiham verilə bilər

Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan qardaşı bu işin prokurorluğa qaytarılmasını istəyib. O, məhkəməyə ərizə təqdim edib.

Hüquqi varis vəsatətində təqsirləndirilən İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə də ittiham verilməsini tələb edib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı məsələnin məhkəmə araşdırılmasının gedişində zamanı aydınlaşdırılmalı olduğunu deyib. Prokuror qeyd edib ki, zərurət yaranarsa, məhkəmə prosesinin gedişində iş istintaqa qaytarıla bilər.

Təqsirləndirilən İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov isə bildirib ki, Ali Məhkəmənin Plenumunun qərarı var. Həmin qərara əsasən, qətl qisas məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilibsə, bu halda, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz.

Məhkəmə işin prokurorluğa qaytarılmasına ehtiyac olmadığını elan edərək, zərərçəkmiş tərəfin vəsatətini baxılmamış saxlayıb.

Cinayət işi üzrə məhkəmə baxışı fevralın 8-nə təyin olunub.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar