1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə lombardın icraçı direktoru Mədinə İsrafilova, işçi Sevinc Hacıyeva və Maqsud Mahmudovun keçmiş həyat yoldaşı Səhər Abbasova dindirilib.
Maqsud Mahmudovun həyat yoldaşı Səhər Abbasova bildirib ki, Maqsud qaçandan sonra ev əşyalarını borc yiyələrinə verib:
"Sumqayıtda Las Veqas restoranını Maqsud almışdı. Sonradan satdı. Ələsgər Ələkbərov küçəsindəki evdə mən yaşamışam. Sonra mən başqa evə köçdüm, Maqsud o evi də satdı. Daha sonra Parlament prospektindəki evdə yaşamışam. Ordan da başqa ünvana köçdüm və Maqsud həmin evi də satdı. Maqsud xaricə köçəndən sonra borc sahibləri gəldi, evdəki əşyaları borc yiyələrinə verdim".
İfadəsini davam etdirən həyat yoldaşı Maqsudun Ukraynaya getməzdən 2-3 il əvvəl müflis olduğunu deyib:
“Artıq onun yeni əmlak almağa imkanı yox idi. Badamdarda 2 yerdə hər biri 12 sot olmaqla torpaq sahəsi almışdıq. Maqsud onu mənim adıma almışdı.
Maqsudun geyinmədiyi kurtkalar, ayaqqabıları var idi. Onu sürücü Emin aparıb İlhama verdi. İlham sənəd imzaladı qol çəkdi ki, Maqsudun ona borcu yoxdur. Amma mən Maqsuddan boşanandan sonra həmin sənədi cırıb atdım”.
Maqsud Mahmudov yoldaşının ifadəsinə qarşı bir neçə sual ünvanlamaq istəyəndə onu ağlamaq tutub və hönkür-hönkür ağlayıb.
Daha sonra zala lombardın nəzarətçisi şahid Sevinc Hacıyeva dəvət olunub.
O deyir ki, Maqsudun borcları çoxaldığı üçün müştərilərin borcunu qaytarmaq çətinləşirdi:
“2017-ci ildə Maqsud Mahmudova məxsus Yasamal rayonundakı lombardda nəzarətçi kimi işləmişəm. Həftədə iki dəfə müştərilərə qızıllar qaytarılırdı. Hər şey normal davam edirdi.
Son 2-3 ildə borclar çoxaldı. Banka Maqsudun faiz borcu olduğuna görə insanların qızıllarını qaytarmaq çətinləşirdi. İnsanlardan alınan qızılları bankda kreditə qoyurdular. Həmin krediti ödəyə bilmədiyi üçün borc yaranırdı. Biz də qızılları götürə bilmirdik”.
Maqsud Mahmudov şahid qismində çıxış edən Sevinc Hacıyevaya bir neçə sualının olduğunu deyir və suallarını ünvanlayır.
Maqsud Mahmudov:
- İlham Kərimovu tanıyırsan? Hər həftə İlhama nə qədər pul vermisiz?
Şahid Sevinc Hacıyeva:
- Hə, tanıyıram. Tədricən pul vermişəm. O qədər də yüksək məbləğ deyildi. Elə olurdu ki, bir gündən bir gəlirdi. 100-200 manat verirdim.
Maqsud Mahmudov:
- Rasim lombarda həyət ağacı gətirib qoymuşdu. Nə qədər zəng edirdin Rasimə?
Şahid Sevinc Hacıyeva:
- Ağacın gətirildiyini görmüşəm. Amma ona əl vurmamışam. Ona qiymət qoyacaq biri deyiləm. Mənim ağacdan anlayışım yoxdur. Ağaca görə yox, amma faiz borclarına görə zəmg etmişəm.
Maqsud Mahmudov:
- Tofiqi tanıyırsan? 400 qram qızıl gətirib qoymuşdu.
Şahid Sevinc Hacıyeva:
- Bəli, tanıyıram. 400 qram qızıl itməyib. O qızıl özünüz yaxşı bilirsiniz ki, necə götürmüsünüz.
O qızılı biz gətirəndə hər şeyi yerinə qoyduq. Maqsudun seyfinə qoymuşduq. Sonra Maqsud Mahmudov qızılları özü seyfdən götürdü. Bu da kameraya düşüb. Sonra kameranı sildirdi. Atdı iki dənə sakit qızın üstünə - Könüllə, Mədinəyə....
Maqsud Mahmudov:
- Banka qızılları kim aparıb qoyub? Aslanın görüşdüyü qadın gəlib lombardda dava edirdi.
Şahid Sevinc Hacıyeva:
- Mən hardan bilim kim gedib kimlə yatır? Mənim davadan xəbərim yoxdur. Amma qızılları mən götürürdüm. Digər nə deyirsənsə, yalan deyirsən.
Maqsud Mahmudov:
- Mən getmişəm ayın 8-i. Ağac sənin adına idi. Onun faizini ödəyirdin?
Şahid Sevinc Hacıyeva:
- Mən gedirdim banka faiz borcunu ödəyirdim. Qızılları götürürdüm. Amma ağacla bağlı heç nə bilmirəm. Mən Rasim bəyə qızılları üçün zəmg etmişəm. Amma ağacla bağlı heç nə etməmişəm. Ağacı, budağı bilmirəm.
Maqsud Mahmudov:
- Qadınsan deyə mən səninlə ağız-ağıza vermirəm. Sakit dur.
Şahid Sevinc Hacıyeva:
- Bir onu deyim ki, Maqsud gedəndən sonra hər şey Mədinə İsrafilovanın üstünə qaldı.
Hakim Sevinc Hacıyevanın ifadəsini sonlandırıb və lombardın icraçı direktoru Mədinə İsrafilovanı zala çağırıb.
O, iddia edir ki, Maqsud ona qızılları satıb, ölkədən qaçmağı təklif edib:
“Mən 2011-ci ildə anam rəhmətə gedəndə iş lazım oldu. Dedilər ki, lombardda iş var. Yaxınlaşdım Yasamal filialına. Orada işə başladım.
Yasamalda iki ay işlədikdən sonra məni Lökbatan filialına göndərdi. Orada icraçı direktoru təyin etdi.
2015-ci ildə vöeni mənim adıma keçirdi. Səhər saat 9-a qalmışdan 6-ya qalmışa qədər 500 manata işləyirdim.
2019-cu ildə 150 minə yaxın çıxarış oldu. Vöen mənim adıma olduğu üçün banklarda kredit mənim adıma açılmışdı. Həmin ilin oktyabrdan Maqsud Mahmudov mənə dedi ki, sənin ailən və övladın yoxdur. Gəl qızılları sataq, ölkədən qaçaq.
Mən bununla razılaşmadım. Sonra mənə hədə-qorxu gəldi. Amma yenə imtina elədim.
Noyabr ayında iki gün evdə idik. İşə gələndə xəbər aldım ki, Maqsud Mahmudov qızılları götürüb qaçıb. Bütün müştərilər düşdü üstümə. Hamı pulu məndən tələb edirdi.
Kirayə qalan, kimsəsiz qadınının üzərinə 300 min pul qaldı. Mən hələ də onun borcunu verirəm. Kənddə hərə evini, mal-qarasını satıb mənə pul göndərirdi.
Maqsud qaçandan sonra qardaşına zəng elədim ki, gəlin lombarda sahib çıxın. Dedilər ki, bizlik deyil.
Daha sonra yoldaşına zəng elədim. O da dedi ki, mən iki uşağımla ortada qalmışam.
Bundan sonra əlacım kəsilib bacısına yığdım. O da boynundan atdı.
Zəng elədim Maqsud Mahmudova. Mən dedi ki, nə edirsən et. Hər şey sənin adınadı, mənlik deyil”.
Mədinə İsrafilova deyir ki, Məzahir müəllim qabaq qapıdan gələndə Maqsud dal qabıdan qaçırdı.
Maqsud Mahmudov bu ifadəyə gülür…
Daha sonra Mədinə deyib ki, Aslan bəy pul istəyəndə Maqsud işdə olmadığını dedizdirirdi:
“Sonra da gəlib bizim yanımızda deyirdi ki, Aslanı “loxladım”. Belə insandan nə gözləyərsən?”.
Prokuror Mədinə İsrafilovadan lombardın hazırkı vəziyyətini soruşur:
Mədinə İsrafilova:
- Mən hələ də borc ödəyirəm. İndiyə qədər 400.000 min manat borc vermişəm. İnsanların qızıllarını qaytarıram. Maqsudun qaçdığı müddətdə olan qızılları qaytarmışam.
Təqsirləndirilən şəxsin vəkili Mədinə İsrafilovadan müştərilərlə kimin görüşdüyünü soruşur:
- Müştərilərlə kim görüşürdü?
Mədinə İsrafilova isə Lökbatanda özünün, Yasamalda isə Maqsudun görüşdüyünü deyir:
- Lökbatanda mən görüşürdüm. Yasamaldakı filialdan isə Maqsud. İş çıxışı şofer gəlirdi bizi Yasamal filialına aparırdı. Bütün çıxarışları verirdik. Brend bankda vöen mənim adıma, digərlərində 1-2 nəfər vardı onların adına idi.
Mədinə İsrafilova iddia edir ki, Maqsud pulları götürüb qaçanda elə müştəri var idi ki, mənim üzərimə lezva, bıçaqla gəldi:
- Maqsudun qaçdığı xəbər çıxanda mənim üstümə tökülüşdü hamı. Eləsi vardı ki, bıçaqla, lezva ilə gəlirdi. Məni öldürmək istəyirdi. Dedim ki, Maqsud pulları götürüb qaçıb, mənlik heç nə yoxdu.
Şahid kimi ifadə verən Mədinə Maqsud qaçandan sonra lombarddakı qırğını Rusiya-Ukrayna müharibəsi ilə müqayisə edib:
- Orda 1 ay qırğın oldu. 2 saat tualetdə qapını bağlayıb oturmuşam. Ona görə lombardı bağlamışdım. Bəlkə ordakı 1 ay davam edən qırğın Rusiya-Ukrayna müharibəsindən betər idi. Mənim yerimə kim olsa idi dəli olardı. Mənəm ki, belə qalmışam.
Mədinə İsrafilovanın ifadəsinə münasibət bildirən Maqsud Mahmudov deyib ki, kirayədə qalandısa, 8 günə necə 50 000 min tapıb verir:
“Buna kimdi ki, 50000 min verən. Bu necə kirayədə qalır ki, 50.000 mini necə tapıb?”.
Hakim fasiləni elan etdiyi zaman Mədinə İsrafilova yüksək səslə:
- Xodun alınıb Maqsud. Şərəfsizsən. Arvad hesabına yaşayırsan.
Bu sözlərə Maqsud Mahmudov belə münasibət verdi:
- Sənin kimi qadınla ağız-ağıza verilməz. Özünsən şərəfsiz.
Fasilə zamanı zalda deyilənlərə görə, Maqsud Mahmudov 3 dəfə ailə həyatı qurub.
1-ci yoldaşı Dubaydadı, ondan bir oğlu var. 2-ci yoldaşının harada olduğu bəlli deyil, ondan da bir qızı var. 3-cü yoldaşı isə bu gün ifadə verən Səhər Abbasovadır. Ondan da iki qızı var.
Məhkəmənin növbəti iclası aprelin 20-ə təyin edildi.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.