Bakıda törədilən dəhşətli cinayətlə bağlı bəzi faktlar məlum olub.
Lent.az xəbər verir ki, cinayətkar arvad-uşağını önə verərək onların arxasından polislərə atəş açıb.
Nəticədə xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşı və bir mülki vətəndaş həlak olub.
Polis cinayətkarı zərərsizləşdirərək məhv edib.
***
saat 06:36
Bakıda dəhşətli cinayət törədilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.