Argentinalı azarkeş milli komandanın dünya çempionatının oyununda Polşa üzərində qələbəsini qeyd edərkən oğlunu silahla yaralayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Argentinanın Santo-Tome şəhərində baş verib. Kişi komandanın qələbəsini qeyd edib və havaya atəş açmaq istəyib, lakin o, səkkiz yaşlı uşağı vurub. Oğlan bud nahiyəsindən yaralanıb və bu, ağır qan itkisinə səbəb olub. Zərərçəkmiş təcili olaraq xəstəxanaya çatdırılıb.
Ata yaralı uşağı tibb müəssisəsinə müşayiət edib, lakin oradan qaçıb. Polis onun axtarışlarını davam etdirir. Anası xəstəxanada oğlanla birlikdədir.
Noyabrın 30-da Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin üçüncü oyununda Argentina və Polşa milliləri üz-üzə gəlib. Görüş 2:0 hesabı ilə Latın Amerikası yığmasının xeyrinə başa çatıb. Hər iki komanda pley-offa yüksəlib.