Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 16 yaşlı İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Məhkəmə İdeal Məmmədzadəyə münasibətdə Cinayət Məcəlləsinin 62 (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.
Prokuror ona 7 il 6 ay həbs cəzası istəmişdi.
Xatırladaq ki, hadisə ötən ilin aprel ayında metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.
Rəsmi məlumata görə, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin 2007-ci il təvəllüdlü oğlunun qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.