İrəvanda kişi öz anasını bıçaqladıqdan sonra özünü “Pobeda” körpüsündən ataraq intihar edib.
Lent.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, aprelin 20-də saat 17:00 radələrində İrəvan Polis İdarəsinin cinayət axtarış şöbəsinə Avan inzibati rayonunun Düryan məhəlləsindəki yaşayış binasındakı mənzillərdən birində qadın meyitinin tapılması barədə əməliyyat məlumatı daxil olub.
Xəbərdə qeyd edilir ki, polis və patrul xidmətinin əməkdaşları sözügedən mənzilin qonaq otağında, divanda həmin binanın sakini, 63 yaşlı Naira M.nin meyitini aşkar ediblər. Qadın bıçaqlanaraq öldürülüb.
İstintaq qrupu hadisə yerində işləyərkən Maştots polis şöbəsinə İrəvanda “Pobeda” körpüsündən bir vətəndaşın özünü atması barədə məlumat daxil olub.
İlkin məlumatlara görə, hüquq-mühafizə orqanları Avanda öldürülən qadının oğlu olan 34 yaşlı İrəvan sakini Narek Q.nin intihar etdiyini müəyyən edib.
Polisə və müstəntiqlərə bir nəfərin anasını öldürməsi, daha sonra intihar etməsi barədə məlumat daxil olub.