İyun ayının 29-da Şəmkir rayonu, Xuluf kənd sakini Əkbər Qəribov rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin vaxt vətəndaşa Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.
Lakin buna baxmayaraq Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırıb, oradakı iştirakçılar Polis Şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib. Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.