Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının satışının barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, nəticədə “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Baxış zamanı həmin kəsimxanada 6890 kiloqram ət məhsulu aşkar edilib, həmin məhsullardan götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilmiş, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.