Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb.
Lent.az-a DİN-dən verilən məlumatına görə, bununla bağlı “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.
Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.
Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.
Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.