Şuşanın işğalından 28 il ötür
08 may 2020 00:05 (UTC +04:00)

Şuşanın işğalından 28 il ötür


Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 28 il ötür.

APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində  Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. 

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Oxşar yazılar