İyulun 21-dən 22-ə keçən gecədən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəkidə axşam saat 19:30 radələrində şəhərin Aydın Məmmədov küçəsində qaz xəttini ildırım vurub.
Nəticədə qaz xəttində yanğın baş verib. Yanğın Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.
Leysan yağışları nəticəsində rayonun bir-çox ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Eyni zamanda iyulun 22-i axşam saatlarından başlayaraq gecə saat 23 radələrinə kimi Şəki şəhərinin mərkəzinə və ətraf yaşayış məntəqələrinə yağan leysan nəticəsində yaranan sel suları daxili yolların asfalt üzlüyünü yuyub. Rayon mərkəzi və ətraf yaşayış məntəqələrində ümumilikdə 15-dən yuxarı evin həyətyanı sahəsinə və yaşayış evlərinin zirzəmilərinə yağış suları dolub.
Leysan və sel sularından xilas olunmaq üçün ərazilərə FHN-in Şəki rayon DYMH texnikaları və şəxsi heyətləri cəlb edilib.