Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, onun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İyunun 19-da cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, milli cinayət-hüquq sisteminə implementasiya edilmiş “hüquqi şəxslərin cinayət məsuliyyəti” institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi «Fakt Araşdırıcı-N» MMC barəsində də Azərbaycan Respublikası CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.