Sentyabrın 3-də saat 19 radələrində Salyan rayonu, Boranıkənd kəndi ərazisində 27 yaşlı Hilal Hüseynovun bıçaqlanması və aldığı xəsarətlərdən Salyan rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Salyan rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qonşusu 41 yaşlı Rəşad Əhədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Hilal Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəşad Əhədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.