Quba rayonu, Qarxun kəndində baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya Quba Rayon Fövqəladə Hallar Komisiyyasından məlumat verib.
Qeyd olunub ki, yanğın zamanı 3 ev və 7 ailəyə məxsus ot tayası yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) alovun söndürülməsi üçün əraziyə göndərdiyi 2 helikopterin, o cümlədən əraziyə cəlb olunan Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsinin köməkliyi ilə yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.
***
saat 11:43
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib.
FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib ki, bu gün Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.
Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub: “Əlavə məlumat veriləcək”.
***
Saat 10:18
Qubanın Qarxun kəndində yanğın başlayıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib.
Quba rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.
Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib.
Ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 kilometr aralıda yerləşir.