İyulun 13 axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.
Avtomobillərin hərəkətinin bərpası üçün dərhal AAYDA-ın yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.
Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur.