Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxs tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, iyunun 18-də, saat 23 radələrində rayonun Balçılı kəndində yolu keçmək istəyən piyada - Gəncə şəhər sakini, 36 yaşlı Fizuli Əsgərovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Göygöl rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “VAZ 2106” markalı avtomobilin sürücüsü, rayon sakini 32 yaşlı Emin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.