Bakının Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxslər saxlanılıblar.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.
Araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosiped oğurladığı məlum olub. Elbrus Məmmədov oğurladığı velosipedləri isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Polis əməkdaşları tərəfindən saxlanılan Fuad Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə Fuad Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.