Monqolustan Milli Muzeyi və Beynəlxalq Türk Akademiyasının ortaq həyata keçirdiyi “Kerulen” arxeoloji tədqiqat ekspedisiyası çərçivəsində Monqolustanın cənubunda, Qobi səhrasında, Dundqovi bölgəsinin Nogoontal (Yaşıl Çöl) adlanan ərazisində əvvəllər tədqiq edilməmiş və qədim türklərə aid olduğu təsdiqlənən yeni külliyyə aşkar edilib.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli özünün sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verib.
Məlumatda qeyd edilir ki, türk hökmdarları və şahzadələrinə aid böyük külliyyələrə indiyədək daha çox Orta Monqolustanda, Orxon və Tuul çaylarının vadilərində rast gəlinib. Ölkənin cənubundakı Qobi səhrasında belə abidələrə çox nadir hallarda təsadüf olunur. Onların diqqətlə araşdırılması qədim türk mədəniyyətinin tədqiqat coğrafiyasını daha da genişləndirəcək.
Aşkarlanan kompleksin ümumi sahəsi 2,5 x 2,5 kvadrat metrdir. Külliyyədəki düz daşda buynuz şəklində bəzək və çiçək təsviri həkk olunub.
Hündürlüyü 2 metrdən çox olan 4 daşın da tapıldığı ritual kompleksin qədim türk zadəganına aid olduğu təxmin edilir.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Monqolustan Milli Muzeyi ilə birlikdə Kerulen layihəsi çərçivəsində 2016-cı ildən bəri Kentay vilayətinin Delqerhan bölgəsində türklərə aid Hayahudaq və Günbürd külliyyələrində arxeoloji qazıntılar aparır. Qazıntılar zamanı qədim türk mədəniyyətinə aid əhəmiyyətli tapıntılar əldə olunub.
Akademiya və Monqolustan tərəfi ilə birlikdə yeni kəşf olunan obyektin ətraflı öyrənilməsi üçün tədqiqatları davam etdirməyi planlaşdırır.