“Taliban” lideri Molla Heybətullah Axunzadə yeni növ koronavirus infeksiyasından (COVID-19) ölüb.
APA-nın "Foreign Policy" nəşrinə istinadən verdiyi xəbərə görə, Pakistanda olan, lakin adlarının açıqlanmasını istəməyən “Taliban” hərəkatının 3 xadimi məlumat verib.
Onlar bildiriblər ki, Molla Heybətullah Axunzadə koronavirusdan həyatını itirib.
“Taliban” rəsmiləri H. Axunzadənin son üç ayda görülmədiyini, heç bir səs yazısının və ötən ay Ramazan bayramı mesajının yayılmadığını qeyd ediblər.
"Foreign Policy" nəşrinə görə, Əfqanıstan hökuməti və Qərb mənbələri də "Taliban" liderinin öldüyünü ehtimal edirlər.
“Taliban”ın yüksək səviyyəli hərbi rəsmisi Muləvi Məhəmməd Əli Can Əhməd Molla Heybətullah Axunzadənin COVID-19-a yoluxması xəbərini təsdiqləsə də, bildirib ki, liderləri xəstəlikdən sağalır.
Əfqanıstan hökumətindəki yüksək vəzifəli rəsmi isə vurğulayıb ki, fevral ayında ABŞ-la ikitərəfli müqavilənin imzalanmasında iştirak edən “Taliban”ın Doha (Qatar) ofisindəki bir çox başqa liderlər də COVID-19-a yoluxub.