İyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 34 yaşlı Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirib.
Ətrafda olan insanların köməkliyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalarla zərərçəkmişin əri 32 yaşlı Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim edib. O, dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.