Baş Dövlət Yol Polis İdarəsi karantin rejimi ilə bağlı görülmüş işlərlə əlaqədar məlumat yayıb.
İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 852 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, cərimələnib.
Bundan əlavə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 167 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1021 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.