Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə bağlı görülmüş işlərlə əlaqədar məlumat yayıb.
İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-c maddəsilə cərimələnib. Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 139 nəfər olmaqla ümumilikdə 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 25-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 65, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 10-u rayon, 45-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 55-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 100 avtomobil geri qaytarılıb, ümumilikdə 220 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.