Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idarənin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində Mayıl Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onlarla aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. Onlar əməllərindən peşiman olduqlarını bildirməklə, səmimi peşimançılıqlarını ifadə ediblər.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.
Qeyd edək ki, M. Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.