Göyçay rayon Polis Şöbəsi Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman bir azyaşlının su kanalında boğulduğunu görüblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Etibar Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.
Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətlər aparıb, nəzarətsiz buraxmamaları barədə təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə öz minnətdarlıqlarını bildiriblər.